Avropa İttifaqından Azərbaycan təhsilinə dəstək layihəsi

"Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanın tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi" adlı Tvininq layihəsinə yekun vurulub. 

İcrasına 2015-ci ilin sentyabrın 1-də başlanılan layihənin məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Layihənin ümumi büdcəsi 1.3 milyon avro təşkil edir.

İki il ərzində Azərbaycanın ali təhsil müəssisələrindən olan 560 müəlim,rəhbər şəxs və təhsil mütəxəssisləri 112 seminar və təlimə cəlb olunub. Keyfiyyət təminatı sahəsində təşkil olunan təlimlərin bir hissəsi olaraq Akkreditasiya və Nostrifikasiya İdarəsinin (ANİ) ekspertləri Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzində (FİNEEC) və Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyində (EKKA) iki həftəlik praktikada olublar. Bundan əlavə, Təhsil Nazirliyinin və Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları üçün Brüsselə tədris səfərləri təşkil olunub. 

 Layihənin icrası zamanı Azərbaycanın ali təhsil sahəsi üzrə qanunvericiliyi Bolonya Siyasətləri Çərçivəsi ilə müqayisə olunub, güclü və zəif tərəfləri müəyyən olunub və boşluqlarla bağlı hesabat hazırlanıb.

Layihənin yekun iclasından sonra təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, "ali təhsil sahəsində Milli Kvalifikasiyalar Çərçivəsinin sənəd layihəsi hazırlanıb və sənəd qəbul edildikdən sonra onun icrasına dair geniş tövsiyyə sənədi artıq hazırdır."

Kvalifikasiyalar Çərçivəsi sahəsində qanunvericiliyin və Kvalifikasiyalar Çərçivəsinin ali təhsilə dair hissələrinin hazırlanması və Avropa Ali Təhsil Məkanına (AATM) uyğunluğun təmin edilməsi prosesində azərbaycanlı tərəfdaşlara konkret tövsiyələr verilib. 

"Layihə çərçivəsində Ali Təhsil Sahəsində keyfiyyətin təminatı istiqamətində bir sıra normativ-hüquqi aktlar yenidən işlənib hazırlanıb və layihələri təqdim olunub. Ali təhsil müəssisələrimizin vahid Avropa Ali Təhsil Məkanının standartlarına uyğun kadr potensialının gücləndirilməsi istiqamətində işlər görülüb."

Finlandiya Təhsilinin Qiymətləndirilməsi Mərkəzindən (FİNEEC) olan layihənin Rezident Tvininq Müşaviri Reyo Aholainen bildirib ki, keyfiyyət təminatı üzrə yeni akkreditasiya standartlarının və təlimatların sınaqdan keçirilməsi üçün Azərbaycanın 3 pilot universiteti seçilib.

1) Azərbaycan Dövlət Pedaqoji Universiteti


2) Azərbaycan Dövlət İqtisad Universiteti

3) Azərbaycan Texniki Universiteti


"Bu universitetlərin hər birində özünütəhlil hesabatları hazırlanıb.Təhsilin qiymətləndirilməsini beynəlxalq heyət aparıb.Bura avropalı mütəxəssislər, həmçinin,layihə zamanı təlim keçmiş azərbaycanlı mütəxəssislər daxildir. Qiymətləndirmədə professorlar,müxtəlif fakültələrin əməkdaşları və tələbələr iştirak edib.Bir çoxları hesab edirdi ki,tələbələr belə prosesə cəlb olunmamalıdılar,lakin bizim qiymətləndirmə qruplarına daxil olan tələbələr ən azından digər mütəxəssislər kimi yaxşı təsir bağışladılar. Onlar fərqli  mövqe nümayiş etdirirdilər.Layihədən bəhrələnən əsas şəxslər də məhz tələbələrdir."

Layihə haqqında məlumatın ictimaiyyətə açıq olması üçün xüsusi səhifə yaradılıb. Ətraflı məlumatı buradan əldə etmək olar.


Vüsal Əzizov